UEFA Avropa Liqasının B qrupunda yarışan “Fənərbağça” “Şükrü Saracoğlu” Stadionunda Kiprin AEK komandası ilə görüşüb. Qarşılaşmaya gözlənildiyi kimi daha üstün başlayan “Fənərbağça” futbolçuları 26-cı dəqiqədə hesabı açıblar. Dieqo Rossinin ötürməsindən sonra Mişu Batşuayi topu qapıya vurub. Fasilədən sonra təzyiqini davam etdirən meydan sahiblər 80-ci dəqiqədə fərqi iki topa çatdırıblar. Rafael Mamas avtoqol müəllifi olub. “Fənərbağça” – AEK 2:0. 7 xalı olan “Fənərbağça” B qrupuna başçılıq edir. Eyni xala malik “Renn” ikincidir. AEK 3 xalla 3-cü yerdə qərarlaşıb. Hələlik xalsız qalan “Dinamo” Kiyev isə sonuncudur.

UEFA Avropa Liqasının H qrupunda mübarizə aparan “Trabzonspor” səfərdə “Monako” ilə üz-üzə gəlib. “II Luis” Stadionunda keçirilən görüşə “Qara dəniz fırtınası” uğursuzluqla başlayıb. 11-ci dəqiqədə Maksimiliano Qomes birbaşa qırmızı vərəqə ilə cəzalanaraq meydandan kənarlaşdırılıb. Say üstünlüyü qazanan “Monako” futbolçuları 3 dəqiqə sonra hesabdə irəli çıxıb. Vissam Ben Yedder komandasını sevindirib. İlk hissəyə artırılan 2-ci dəqiqədə Ben Yedder penaltini dəqiq yerinə yetirərək ardıcıl 3-cü rəsmi matçında 6-cı qolunu rəsmiləşdirib. Fasilədən sonra Türkiyə təmsilçisi növbəti dəfə qapısında qol görüb. Aksel Disasi yerli azarkeşləri coşdurub. 72-ci dəqiqədə Abdullah Avcının yetirmələri buraxılan toplardan birinin əvəzini çıxıblar. Anastasios Bakasetas uzaqdan qüvvətli zərbə ilə topu qapıya vurub: “Monako” – “Trabzonspor” 3:1. Beləliklə, H qrupunda 3 xalı olan “Trabzonspor” sonuncu yerdə qərarlaşan “Srvena Zvezda” ilə birgə 3-cü 4-cü pillələri bölüşür. Aktivində 6 xalı olan “Ferentsvaroş” və “Monako” yuxarı yerlərdə qərarlaşıblar.